Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin qorunması, axtarışda olan şəxslərin tutulması və qanunsuz saxlanılan silah-sursatın yığılması istiqamətində qətiyyətli tədbirlər uğurla davam etdirilir.

Postxronika.az xəbər verir ki, martın 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 20 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin, həmin gün keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa verilib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə martın 12-də ümumi çəkisi 11,2 kiloqrama yaxın narkotik vasitə və 40 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.

Bundan əlavə, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 10 tüfəng, 9 patron darağı və 370 ədəd müxtəlif çaplı patron müsadirə olunub.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən bütün qeyd olunan istiqamətlər üzrə əməliyyat və profilaktik tədbirlər davam etdirilir.