Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq tərəfindən “Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli: maarifləndirmə və yeni alətlərin yaradılması” layihəsi icra olunacaq. 

Postxronika.az xəbər verir ki, təşəbbüs ölkənin zəngin multikultural irsinin, tolerantlıq ənənələrinin və bu sahədə qazanılmış təcrübəsinin təşviqinə yönəlib.

Layihə çərçivəsində Bakı və Gəncə şəhərlərində mədəniyyət işçiləri, QHT nümayəndələri və gənclər üçün silsilə təlimlər təşkil ediləcək. İki günlük proqramlar formatında keçiriləcək təlimlərdə mədəniyyətlərarası dialoq, mədəni müxtəlifliyin təşviqi və inklüzivlik prinsipləri üzrə həm nəzəri, həm də praktiki biliklər veriləcək.

Bundan əlavə, layihə çərçivəsində mədəniyyət qurumları üçün “Multikulturalizm üzrə özünüqiymətləndirmə aləti” və əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək “Mədəniyyətlərarası dialoqun dəstəklənməsi üzrə bəyanat” təşəbbüsü də təqdim olunacaq.