İstirahət günlərində respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat axınının kəskin artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət yetirilməsini zəruri edir.
Postxronika.az Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) istinadən xəbər verir ki, idarə bu qəbil halları nəzərə alaraq sürücülərə müraciət edib.
İdarə rəsmilərinin sözlərinə görə, şəhərdənkənar istiqamətlərə və turizm zonalarına intensiv hərəkət axını zamanı qeydə alınan yol-nəqliyyat hadisələri əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün dəyərləndirməməsi ilə əlaqədar olur. BDYPİ tərəfindən həftəsonları yollarda nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin tam təmin edilməsi yalnız inzibati nəzarətlə məhdudlaşmır.
Polis idarəsi yola çıxan sürücülərin diqqətinə çatdırır ki, texniki nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini kəskin şəkildə artırır. Bu cür qayda pozuntuları bir çox hallarda ağır nəticələrə gətirib çıxarır.
Xüsusilə uzun məsafəli səfərlər zamanı sürücülərin mütəmadi fasilələr verməsi, avtomobilin texniki vəziyyətini əvvəlcədən yoxlaması və yol şəraitinə uyğun hərəkət etməsi vacibdir.