Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən iftar proqramında regionda artan gərginliklə bağlı mühüm bəyanatlar səsləndirib.

Postxronika.az xəbər verir ki, dövlət başçısı xüsusilə İrana edilən hücumlar fonunda qızışdırılan məzhəb və etnik mənşəli təxribatlara qarşı vətəndaşları ayıq-sayıq olmağa çağırıb. Türkiyənin əsas prioritetinin ölkəni mövcud "alov çuxurundan" kənarda saxlamaq olduğunu bildirən Ərdoğan, rəsmi Ankaranın müharibə risklərinə qarşı ehtiyatlı davrandığını vurğulayıb. Çıxışında Qəzza, Yəmən və Somalidə yaşanan humanitar faciələrə toxunan lider, beynəlxalq birliyin bu zülmə səssiz qalmasını Xocalı və Srebrenitsa qırğınları ilə müqayisə edib. Prezident Türkiyənin hər zaman məzlumların yanında olacağını və bölgədə sülhün bərpası üçün səylərini davam etdirəcəyini qeyd edib. Nitqinin sonunda o, tanınmış tarixçi İlber Ortaylının vəfatı ilə bağlı kədərini ifadə edərək, elm dünyasına başsağlığı verib.