Böyük Britaniyanın Energetika naziri Ed Miliband Hörmüz boğazının yenidən açılması məqsədilə Yaxın Şərqə hərbi gəmilər və minatəmizləyən pilotsuz aparatların göndərilməsi imkanlarını nəzərdən keçirdiklərini bildirib. Bu müzakirələr ABŞ prezidenti Donald Trampın müttəfiq ölkələri qlobal neft tədarükünün 20 faizinin keçdiyi mühüm tranzit yolunun təhlükəsizliyini təmin etməyə çağırmasından sonra intensivləşib.

Postxronika.az xəbər verir ki, su yolunun bağlanması nəticəsində neftin qiymətinin kəskin artaraq 100 dollara çatması Qərb dövlətlərini ciddi inflyasiya təhlükəsi ilə üz-üzə qoyub. Mövcud böhranın həlli və iqtisadi risklərin qarşısını almaq üçün rəsmi London tərəfdaşları ilə birgə bütün mümkün təhlükəsizlik variantlarını dəyərləndirir. Hazırda Birləşmiş Krallığın bölgədə bu tipli gəmiləri olmasa da, müdafiəni gücləndirmək üçün "HMS Dragon" esminesi Kiprdəki hərbi bazaya yola düşüb. Hökumət rəsmiləri eyni zamanda daxili iqtisadiyyatı qorumaq məqsədilə vətəndaşlara lazımi dəstəyi verəcəklərini və enerji qiymətlərinin artım fəsadlarını minimuma endirməyə çalışacaqlarını vurğulayıblar.