Keniya rəsmilərinin məlumatına görə, ölkədə son bir həftə ərzində yağan leysan yağışların yaratdığı genişmiqyaslı daşqınlar nəticəsində azı 62 nəfər həyatını itirib. Təbii fəlakət çayların məcrasından çıxmasına səbəb olaraq, paytaxt Nayrobi də daxil olmaqla, bir çox ərazidə yaşayış evlərini, yolları və mühüm infrastrukturu sular altında qoyub.

Postxronika.az xəbər verir ki, təkcə paytaxtda zəif drenaj sistemləri və nizamsız tikililər səbəbindən 33 nəfər ölüb, iki mindən çox sakin isə təhlükəsiz yerlərə təxliyə edilib. Ölkə prezidenti Uilyam Ruto zərərçəkənlərə təcili ərzaq və tibbi yardımın çatdırıldığını, həmçinin axtarış-xilasetmə tədbirlərinin intensiv şəkildə davam etdiyini bildirib. Qlobal iqlim dəyişikliyinin ağır fəsadları qonşu Efiopiyadan da yan keçməyib, belə ki, analoji təbiət hadisələri orada yüzdən çox insanın canını alıb.