Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmuş ərazilərində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. 

Postxronika.az APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki, test sınaqları Xankəndi, Şuşa, Xocalı, Laçın, Kəlbəcər və Ağdam şəhər və rayonlarında təşkil olunub.

Təhsil müəssisələrindən Xankəndi şəhəri 4 nömrəli, Xocalı şəhəri 1 nömrəli, Şuşa şəhəri 1 nömrəli, Laçın şəhəri 2 nömrəli, Kəlbəcər şəhəri 1 nömrəli və Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbləri imtahan binaları kimi istifadə edilib.

Ümumilikdə 6 imtahan mərkəzində keçirilən sınaqlarda 105 şagirdin biliklərini yoxlaması planlaşdırılıb. Prosesin yüksək səviyyədə idarə olunması üçün 6 bina nümayəndəsi, 6 imtahan rəhbəri və 8 zal nəzarətçisi cəlb edilib.

Bütün məntəqələrdə eyni vaxtda başlayan imtahan 3 saat davam edib. Təlimata tam uyğun şəkildə keçirilən sınaqlarda şagirdlərin öz biliklərini tam şəkildə nümayiş etdirmələri üçün bütün zəruri şərait yaradılıb.

Qeyd edək ki, Kəlbəcər şəhəri 1 nömrəli və Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbində buraxılış imtahanları bu il ilk dəfə keçirilib.