"The Athletic" nəşrinin məlumatına əsasən, "Arsenal" və "Çelsi"nin sabiq ulduz futbolçusu Eşli Koul İtaliyanın B Seriyasında çıxış edən "Çezena"nın baş məşqçisi postuna keçmək üçün aktiv danışıqlar aparır. İngiltərə millisinin heyətində 107 oyuna çıxmış veteran müdafiəçi bu keçid reallaşacağı təqdirdə Li Karslinin rəhbərlik etdiyi 21 yaşlılardan ibarət yığmadakı məşqçi vəzifəsindən ayrılmalıdır.
Postxronika.az xəbər verir ki, mütəxəssisin yeni klubu ilə müqaviləsinin prezident Mayk Melbi ilə yekun görüşdən sonra rəsmən açıqlanacağı gözlənilir. Hazırda turnir cədvəlində səkkizinci pillədə qərarlaşan və pley-offa vəsiqə uğrunda mübarizə aparan İtaliya təmsilçisi ilə razılıq əldə olunarsa, bu, sabiq oyunçunun karyerasında ilk baş məşqçilik təcrübəsi olacaq. Qeyd edək ki, ingilis mütəxəssis indiyədək müxtəlif komandalarda Frenk Lempard, Ueyn Runi və Li Karsli kimi tanınmış simaların köməkçisi kimi fəaliyyət göstərib.