ABŞ Prezidenti Donald Tramp İranın rəsmi danışıqlara can atdığını, lakin hazırda Tehranın buna tam hazır olmadığını bəyan edib.

Postxronika.az xəbər verir ki, dövlət başçısı prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən qarşı tərəfin hərbi infrastrukturuna, xüsusilə PUA istehsalı zavodlarına ciddi zərbələr vurulduğunu diqqətə çatdırıb. O, hava hücumundan müdafiə sistemlərinin və donanmanın sıradan çıxarıldığını vurğulayaraq, regionda strateji üstünlüyün əldə edildiyini qeyd edib.

​Ağ Ev rəhbəri Hörmüz boğazında naviqasiya azadlığının qorunması məqsədilə yeddi tərəfdaş ölkə ilə məsləhətləşmələr apardıqlarını bildirib. Eyni zamanda, bu mühüm su yolunun açıq saxlanılması prosesində rəsmi Pekinin də fəallıq göstərməsinin zəruriliyi xüsusi vurğulanıb. Sonda Tramp, Çin lideri Si Cinpin ilə planlaşdırılan zirvə görüşünün təxirə salınma ehtimalının olduğunu da istisna etməyib.