Azərbaycanda hərbi çağırışdan yayınma hallarının qarşısını almaq məqsədilə Cinayət, Miqrasiya və İnzibati Xətalar məcəllələrinə, eləcə də müvafiq qanunlara mühüm düzəlişlər edilib.

Postxronika.az xəbər verir ki, yenilənmiş qanunvericiliyə əsasən, üzrlü səbəb olmadan tibbi müayinəyə, toplanışlara və ya səfərbərlik üzrə çağırışa gəlməmək birbaşa "boyun qaçırma" kimi tövsif olunur. Ali Məhkəmə Plenumunun son qərarı ilə 3 aydan artıq müddətə yaşayış yerini dəyişib hərbi qeydiyyata durmayan və ya məlumat verməyən şəxslər də Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilərlər.

Bundan başqa, çağırış üzrə qərar qəbul edilənədək həmin vətəndaşların ölkədən çıxış hüququna müvəqqəti məhdudiyyət qoyulması rəsmiləşdirilib. Dövlət Xidməti aktiv möhlət hüququ olmayan şəxsləri hərbi biletlərdə və "mygov" platformasında qeyd edilən vaxtlarda qeydiyyat üzrə bölmələrə yaxınlaşmağa çağırır.

Bu addımlar ölkənin milli təhlükəsizliyini gücləndirmək və Silahlı Qüvvələrin şəxsi heyətlə vaxtında komplektləşdirilməsini təmin etmək məqsədi daşıyır.