Paytaxtın Yasamal rayonu ərazisində, xüsusən də “Nizami” metro stansiyasının qarşısında hərəkət edən velosipedçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti addım atılıb. Belə ki, mikromobilliyin inkişafı çərçivəsində ərazidəki daha 4 kəsişmədəki svetoforlara xüsusi velosiped bölmələri əlavə edilib.

Postxronika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Qurumun məlumatına əsasən, Cəfər Cabbarlı küçəsinin Bəsti Bağırova, Əli bəy Hüseynzadə və Salatın Əsgərova küçələri ilə kəsişmələrində, həmçinin Şıxəli Qurbanov küçəsi ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsindəki mövcud svetoforlara ümumilikdə 8 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.

Qeyd edək ki, LED işıqlandırma ilə təchiz olunan bu yeni nəsil bölmələr velosipedçilərin, eləcə də kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslərin yollarda daha təhlükəsiz və rahat hərəkət etməsinə əlverişli şərait yaradır.