Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin ASAN AI Hub platforması və "Apolitical" arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən süni intellekt (Sİ) üzrə ixtisaslaşmış təlimlər davam edir.
Postxronika.az xəbər verir ki, proqram çərçivəsində Azərbaycanın dövlət sektorundan ilk 100 mütəxəssis süni intellekt üzrə ixtisaslaşmış yeddi kursu uğurla tamamlayaraq sertifikat əldə edib.
Təlim proqramının məqsədi dövlət idarəçiliyində süni intellekt savadlılığını artırmaq və innovativ, məlumatlara əsaslanan yanaşmaların tətbiqini təşviq etməkdir. İştirakçılar dövlət qulluqçuları üçün süni intellektin əsasları, Sİ-nin dövlət qurumlarına təsiri, Sİ liderliyi, prompt mühəndisliyi, səhiyyə sistemlərində Sİ tətbiqləri, Sİ əsaslı satınalma, süni intellekt və iqlim siyasəti kimi mövzuları əhatə edən tədris materialları ilə tanış olublar.
Dövlət qulluqçularına təlimi çevik şəkildə keçmək imkanı yaratmaq üçün kurslar onlayn və öz tempində öyrənmə formatında təqdim olunur. Kursların məzmunu "Apolitical" tərəfindən dövlət qurumları və akademik ekspertlərlə, o cümlədən SDA Bocconi School of Management-in iştirakı ilə hazırlanıb. Təqdim olunan kurslardan biri olan “Süni intellektin əsasları” Stanford Universitetinin müəllimlərinin mühazirələrini və Stanford İnsan Mərkəzli Süni İntellekt İnstitutunun (HAI) təlimçiləri tərəfindən hazırlanmış tədris materiallarını əhatə edir.
Proqrama 40-dan çox dövlət qurumunu təmsil edən mütəxəssislər müraciət edib və bu günədək təlim platformasında 500-dən çox qeydiyyat həyata keçirilib. Kurslar ASAN AI Hub platformasında iştirakçılar üçün təqdim olunur.