Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Britaniya liderləri arasındakı gərginliyin aradan qaldırılması üçün Donald Tramp və Kir Starmeri ortaq məxrəcə gəlməyə səsləyib.

Postxronika.az xəbər verir ki, BBC-yə danışan Zelenski Qərb müttəfiqləri arasındakı parçalanmanın Ukraynadakı sülh prosesini ləngitdiyini və diqqəti əsas cəbhədən yayındırdığını bildirib.

​İran ətrafında kəskinləşən hərbi münaqişə fonunda Trampın Londonu "kifayət qədər addım atmamaqda" ittiham etməsi diplomatik gərginliyi artırıb. Starmer isə ölkəsinin daha genişmiqyaslı müharibəyə çəkilməyəcəyini vurğulayaraq öz mövqeyini qoruyub. Avropa turu çərçivəsində Londonda olan Zelenski Rusiya və İran rejimlərinin "nifrət qardaşlığı"na qarşı vahid cəbhənin vacibliyini xatırladıb. O, Yaxın Şərqdəki böhranın Ukraynanın dördillik müharibəsini kölgədə qoymasından ciddi narahatlıq keçirdiyini xüsusi qeyd edib.