Şirvan şəhərində Dünya Badminton Federasiyasının (BWF) "Shuttle Time" layihəsi çərçivəsində məktəblilər arasında badmintonun kütləviliyini artırmaq, eləcə də gənc məşqçi və hakimlər hazırlamaq məqsədilə xüsusi təlimlər təşkil edilib.

Postxronika.az xəbər verir ki, proqram çərçivəsində regional müəllimlər üçün "Shuttle Time Teachers" kursları və badmintonun şagirdlərə öyrədilməsi üzrə praktiki məşğələlər həyata keçirilib. Azərbaycan Badminton Federasiyasının mütəxəssisləri tərəfindən aparılan təlimlər Təhsil Respublika İdman Mərkəzinin Şirvan Şəhəri Uşaq Gənclər İdman Şahmat Məktəbində baş tutub.

Təlimlərə cəlb olunan məktəblilər badmintonla yaxından tanış olaraq həm nəzəri, həm də praktik biliklərə yiyələniblər. BWF tərəfindən hazırlanan və dünyanın ən yaxşı badminton layihələri sırasına daxil edilən bu əyləncəli, oyun əsaslı təlim sistemi uşaqların fiziki bacarıqlarını (sürət, çeviklik, koordinasiya) inkişaf etdirməklə yanaşı, dözümlülüyü də artırır.

Layihənin başlıca hədəfi ölkəmizdə badmintonun əlçatanlığını və kütləviliyini təmin etmək, şagirdlərdə bu idman növünə maraq oyatmaq və yeni nəsil məşqçilər yetişdirməkdir. Proqramın bu il ərzində ölkənin müxtəlif regionlarında keçirilməsi və badmintonun coğrafiyasının genişləndirilməsi planlaşdırılır. Xatırladaq ki, cari ildə “Shuttle Time” layihəsinin icrasına ilk olaraq Gəncə şəhərindəki Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə başlanılıb.

Qeyd edək ki, genişmiqyaslı bu layihə Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası (BEC), Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilir.