Martın 18-də Gənclər və İdman Nazirliyinin inzibati binasında “Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
Postxronika.az xəbər verir ki, yığıncaqda əvvəlcə federasiyanın qanuni təmsilçisi Etibar Məmmədov qurumun fəaliyyəti barədə hesabatla çıxış edib. Ardınca İctimai Birliyin adının dəyişdirilməsi və Nizamnaməsinin yeni redaksiyada təsdiqi məsələləri müzakirəyə çıxarılaraq səsvermə yolu ilə qəbul edilib. Verilən qərara əsasən, İctimai Birlik bundan sonra “Azərbaycan İdman Rəqsləri Federasiyası” adlanacaq.
Tədbirin davamında federasiyanın rəhbərliyinə yeni seçkilər keçirilib. Səsvermənin yekun nəticələrinə əsasən, Əli Həşimli federasiyanın yeni prezidenti seçilib. Etibar Məmmədov və Eşqin İsmailli vitse-prezident, Tatyana Çernova və Elen Vladimirovna isə İdarə Heyətinin üzvləri təsdiqlənib. Həmçinin, Xanoğlan Meydanov Nəzarət-Təftiş Komissiyasının sədri, Səbinə Hüseynova və Lamiyə Quliyeva isə komissiyanın üzvləri seçiliblər.
Yığıncağın sonunda çıxış edən yeni prezident Əli Həşimli ona göstərilən etimada görə tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.
Federasiyanın yeni prezidenti Əli Həşimli