İqtisadiyyat naziri Mikayıl Cabbarov “Powerchina Resources Ltd” şirkətinin icraçı vitse-prezidenti Hi Şiyou ilə görüşüb. İqtisadiyyat Nazirliyində baş tutan görüşdə tərəflər arasında enerji sahəsində mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Postxronika.az xəbər verir ki, tədbirdə Azərbaycan iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiyaya sadiqliyinin investorlar üçün əlverişli biznes mühiti yaratdığı xüsusi vurğulanıb. Bildirilib ki, bu əlverişli mühit fonunda Çinin innovasiyayönümlü investisiyaları cəlb edilməklə ölkəmizdə birgə layihələrin icrası üçün geniş imkanlar mövcuddur.

Görüş çərçivəsində əsas diqqət "SOCAR Green" ilə birgə fəaliyyət əsasında Hacıqabul rayonunda həyata keçirilən günəş elektrik stansiyası layihəsinə yönəldilib. Rəsmilər bu önəmli layihənin hazırkı icra vəziyyətini və qarşıda duran növbəti addımları nəzərdən keçiriblər.

Bununla yanaşı, görüşdə ümumilikdə enerji sektoru, xüsusilə də bərpa olunan enerji sahəsində potensial investisiya layihələrində iştirak imkanları barədə geniş fikir mübadiləsi aparılıb.