İran mediasının dünyanın ən böyük təbii qaz yatağındakı obyektə aviazərbə endirildiyi barədə xəbərindən sonra neftin qiyməti 110 dollara yaxınlaşıb.
Postxronika.az xəbər verir ki, brent markalı neftin qiyməti 5%-dən çox artaraq 109,91 dollara çatıb. Bu artım, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Təsnim" xəbər agentliyinin Cənub Pars qaz yatağındakı İranın neft-kimya kompleksinin vurulması barədə məlumatından sonra baş verib.
İranın Neft Nazirliyi kompleksdəki yanğının nəzarətə alındığını bildirsə də, dəymiş ziyanın miqyası qeyri-müəyyən olaraq qalır. İran hərbçiləri enerji infrastrukturuna edilən zərbəyə cavab olaraq "qəti addımlar" atacaqları barədə xəbərdarlıq ediblər. Onlar, təcavüzkar ölkələrin yanacaq və enerji infrastrukturunu hədəf almağı qanuni hesab etdiklərini bəyan ediblər.
Ekspertlər qeyd edirlər ki, bu hücum və İranın qisas almaq niyyəti neft qiymətlərinə yeni artım təzyiqi yaradır. Hücumdan sonra İran daxili tələbatı təmin etmək üçün İraqa qaz axınını dayandırıb. Bu qaz yatağında obyektləri olan Qətər də enerji infrastrukturuna qarşı zərbələrin qlobal enerji təhlükəsizliyi üçün təhdid olduğunu bildirib.