Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti silsilə əməliyyatlar həyata keçirilib.

Postxronika.az rəsmi məlumata istinadən xəbər verir ki, keçirilən tədbirlər zamanı əvvəllər məhkum olunmuş 42 yaşlı Fariz Quliyev və onun tanışı, 38 yaşlı Fuad Qurbanov saxlanılıb. Onlardan ümumilikdə 1 kiloqram 500 qram heroin və psixotrop maddə hesab edilən metamfetamin aşkarlanıb.

Davam edən növbəti əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 44 yaşlı Kamal Xudioğlundan 9 kiloqram 130 qram marixuana, 26 yaşlı Ceyhun Babaşovdan isə 10 kiloqram marixuana və 1 kiloqramdan artıq tiryək götürülüb.

Şəhər ərazisində narkotik vasitələrin satışına qarşı həyata keçirilən daha bir tədbir nəticəsində isə əvvəllər məhkum olunmuş 27 yaşlı Əfsanə Qasımova və onun tanışı, 28 yaşlı Pəlvan Abaszadə saxlanılıblar. Baxış zamanı bu şəxslərdən 13 kiloqram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Müəyyən olunub ki, saxlanılan şəxslər əldə etdikləri narkotikləri Sumqayıt şəhərində müxtəlif ünvanlara yerləşdirməklə satışını təşkil etməyi planlaşdırıblar. Hazırda sadalanan faktlarla bağlı cinayət işləri başlanılıb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əlavə məlumat üçün bildirək ki, Sumqayıt şəhərində polis əməkdaşlarının bu ilin əvvəlindən bəri həyata keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 53 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.