Sumqayıt şəhəri ərazisində yaşlı qadının etibarından sui-istifadə edərək onun bank kartındakı vəsaitini talayan şəxs ələ keçib. Hadisə zərərçəkənin pul çıxarmaq məqsədilə tanımadığı şəxsdən kömək istəməsi ilə baş verib. Kömək etmək bəhanəsi ilə qadının kartını gizlicə özündə saxlayan şəxs, əvəzində ona içərisi boş olan başqa bir kart verib. Aldadıldığını və oğurluqla üzləşdiyini anlayan vətəndaş dərhal polisə müraciət edib.
Postxronika.az hüquq-mühafizə orqanlarının məlumatına istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sözügedən əməli törətməkdə şübhəli bilinən 40 yaşlı A.Əliyev müəyyən edilərək saxlanılıb.
İlkin araşdırmalar zamanı saxlanılan şəxsin zərərçəkən qadının kart hesabından 218 manat məbləğində pulu oğurladığı məlum olub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.