Bakının Sabunçu rayonunda silsilə oğurluqlar edərək vətəndaşlara külli miqdarda ziyan vuran şəxs ələ keçib. Müxtəlif ünvanlardan məişət əşyaları, pul və qızıl-zinət əşyaları talayan şəxsin əməllərinin bəziləri müşahidə kameraları tərəfindən də anbaan qeydə alınıb.

Postxronika.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Ramil Əsgərov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı cinayət işinin təfərrüatları məlum olub:

R.Əsgərov müxtəlif tarixlərdə rayon ərazisində yerləşən ümumilikdə 9 evə daxil olub.

Zərərçəkənlərə məxsus 25 min manat dəyərində məişət əşyaları, təmir-tikinti alətləri, elektrik naqilləri, məişət texnikası, həmçinin pul və qızıl-zinət əşyaları oğurlanıb.

Saxlanılan şəxsin etdiyi oğurluqların bir neçəsi təhlükəsizlik kameraları vasitəsilə görüntülənib və sübuta yetirilib.

Hazırda faktlarla bağlı cinayət işi başlanılıb, hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.