Bu gün Milli Olimpiya Komitəsinin və Azərbaycan Güləş Federasiyasının ortaq təşkilatçılığı, eləcə də “Gənclik Mall” və “Go Sport”un dəstəyi ilə güləşimizin tanınmış simaları azarkeşlərlə bir araya gəlib.

Postxronika.az xəbər verir ki, "Gənclik Mall" ticarət mərkəzində təşkil edilən xüsusi tədbirdə olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev, olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev, olimpiya və dünya mükafatçısı, 3 qat Avropa çempionu Həsrət Cəfərov və Avropa mükafatçısı, U23 dünya çempionu Jalə Əliyeva iştirak ediblər.

Görüş zamanı titullu idmançılarımız karyeralarında qazandıqları uğurlardan danışıb, idmana marağı olan yeniyetmə və gənclərə öz tövsiyələrini çatdırıblar.

Daha sonra tədbirdə maraqlı viktorinalara yer verilib. Müxtəlif müsabiqələrin qalibləri mükafatlandırıldıqdan sonra isə imza mərasimi baş tutub. Güləş ulduzları imzalı şəkillərini azarkeşlərə paylayıb və onlarla birlikdə xatirə fotoları çəkdiriblər.