İsrailin İranın ən böyük qaz yatağına hücum etməsi rəsmi Təl-Əvivlə Vaşinqton arasında ciddi fikir ayrılıqlarına səbəb olub. ABŞ prezidenti Donald Tramp bu əməliyyatdan əvvəlcədən xəbərsiz olduğunu iddia edərək, Benyamin Netanyahunu regional münaqişəni qızışdıra biləcək növbəti zərbələrdən çəkinməyə çağırıb.

Postxronika.az xəbər verir ki, yəhudi dövlətinin mülki infrastrukturu, xüsusən də Cənubi Pars qaz yatağını hədəf alması qlobal enerji bazarına zərbə vurmaqla yanaşı, Tehranın cavab tədbirlərinə əl atmasına gətirib çıxarıb. İsrail rəsmiləri Ağ Evin hücumdan öncədən məlumatlandırıldığını bildirsələr də, rəsmi Təl-Əvivin bu addımı müttəfiqlər tərəfindən kəskin tənqidlə qarşılanıb. ABŞ kəşfiyyat rəsmisi Tulsi Qabbard tərəflərin bu münaqişədə fərqli məqsədlər güddüyünü, İsrail hökumətinin rejim dəyişikliyinə, Vaşinqtonun isə sadəcə hərbi potensialı zəiflətməyə çalışdığını vurğulayıb. Yaranmış fikir ayrılıqları və lobbi təzyiqləri fonunda ABŞ-ın milli terrorizmə qarşı mübarizə mərkəzinin sabiq direktoru Co Kent ədalətsiz hərbi əməliyyatlara etiraz əlaməti olaraq vəzifəsindən istəfa verib.