"Pumpkinhead" filmi rəsmən franşizaya çevrilir. Ekran əsərinin davamı bu ilin oktyabr ayında izləyicilərə təqdim olunacaq.
Postxronika.az xəbər verir ki, "R.L. Stine’s Pumpkinhead 2" filmi Evan adlı tələbənin qədim bir cadu kitabını taparaq Redheyven qəsəbəsindəki lənəti canlandırmasından bəhs edir. Nəticədə torpaq altından çıxan balqabaqbaşlı uşaqlar qəsəbə sakinlərini təhdid etməyə başlayırlar. Şəhəri xilas etməyin yeganə yolu isə kitabı məhv etməkdə qərarlı olan bir cadugərin geri qayıtmasıdır. Platforma rəsmiləri R.L. Staynın yaratdığı bu mifik dünyanı daha da genişləndirməkdə maraqlı olduqlarını bildiriblər.
Birinci hissənin rejissoru və ssenaristi Cem Garrard yeni layihədə də öz vəzifəsini icra edəcək. R.L. Stayn növbəti "balqabaq macərası" üçün Tubi ilə yenidən əməkdaşlıq etməkdən məmnun olduğunu ifadə edib. Qeyd edək ki, platformanın qorxu janrındakı kontentləri ötən il rekord baxış sayı toplayaraq 100 milyon saat həddini ötüb. Bu uğur silsilənin yeni filmlərlə bir franşizaya çevrilməsinə zəmin yaradıb.