İranın xarici işlər naziri Abbas Araqçi ABŞ və İsrailin hücumları ilə başlayan hərbi münaqişəni sonlandırmaq üçün rəsmi Tehranın tələblərini açıqlayıb.
Postxronika.az xəbər verir ki, Yaponiyanın "Kyodo" agentliyinə müsahibə verən diplomat strateji əhəmiyyətli Hörmüz boğazındakı mövcud vəziyyəti dəyərləndirib. Nazir qeyd edib ki, istənilən sülh həlli gələcəkdə təcavüzün təkrarlanmayacağına dair zəmanətləri və dəymiş ziyanın ödənilməsini ehtiva etməlidir.
Araqçi bölgədəki qeyri-sabitliyə görə qarşı tərəfi ittiham edərək, boğazın digər ölkələr üçün açıq olduğunu, yalnız hücumlarda iştirak edən gəmilərə məhdudiyyət qoyulduğunu vurğulayıb. Hazırkı vəziyyəti "İrana dayatılan müharibə" adlandıran rəsmi nümayəndə atəşkəs çağırışlarını rədd edərək, ölkəsinin cavab addımlarını özünümüdafiə hüququ kimi xarakterizə edib. Yekun həll üçün müharibənin tamamilə bitməsinin və vurulmuş maddi zərərin təzmin edilməsinin vacibliyi xüsusi qeyd olunub.