Sudanın cənubunda yerləşən Əl-Deyn şəhərində tibb müəssisəsinin hədəf alınması nəticəsində aralarında 13 uşaq olmaqla azı 64 nəfər həyatını itirib.
Postxronika.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus hadisə zamanı daha 89 şəxsin yaralandığını bildirib. ÜST rəhbərinin sözlərinə görə, bu qanlı olayla birlikdə ölkədəki münaqişə dövründə səhiyyə ocaqlarına edilən hücumlar nəticəsində ölənlərin ümumi sayı 2 min nəfəri ötüb.
Təxminən üç ildir davam edən vətəndaş müharibəsi ərzində tibb müəssisələrinə qarşı 213 silahlı basqın qeydə alınıb. Beynəlxalq qurumlar bu cür hücumların humanitar fəlakəti daha da dərinləşdirdiyini vurğulayaraq tərəfləri mülki obyektləri hədəf almamağa çağırır. Hazırda bölgədə yaralıların müalicəsi və dağıntıların fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.