Hollivudun məşhur siması Rayan Qoslinqin baş rolda çəkildiyi "Project Hail Mary" elmi-fantastik dramı dünya prokatında böyük uğura imza atır. Rejissorlar Fil Lord və Kris Millerin ərsəyə gətirdiyi ekran əsəri gözləniləndən daha yüksək gəlir əldə edərək kino dünyasında ciddi maraq doğurub.


Postxronika.az xəbər verir ki, "Amazon MGM Studios"un statistikasına əsasən, filmin yerli açılış həftəsonu gəliri 77 milyon dolları ötəcək. Cümə günü 33,1 milyon dollar toplayan layihə, post-pandemiya dövründə franşiza olmayan və 50 milyonluq həddi keçən nadir ekran işlərindən birinə çevrilib. "Oppenheimer" və "It Ends With Us" kimi hitlərlə eyni cərgədə qərarlaşan bu kino lenti, janr baxımından "İnterstellar"ın 2014-cü ildəki uğurunu xatırladır.


Ssenari müəllifi Dryu Qoddardın qələmə aldığı macəra dolu hekayə həm tənqidçilər, həm də geniş auditoriya tərəfindən yüksək qiymətləndirilib. Hazırda ABŞ-lə yanaşı Çin, Almaniya və Braziliya daxil olmaqla 82 xarici bazarda nümayiş etdirilən film beynəlxalq arenada da mövqeyini möhkəmləndirir. Prokatın digər önəmli yenilikləri arasında Hindistan istehsalı olan "Dhurandhar: The Revenge" və "Ready or Not 2" qorxu komediyası da izləyicilərin diqqətini çəkir. Lakin həftəsonunun mütləq lideri sayılan Qoslinqin yeni filmi ilin ən uğurlu kosmik macərası hesab olunur.