İranın ali dini lideri Müctəba Xameneinin hərbi müşaviri və SEPAH-ın keçmiş komandanı və Məsləhət Şurasının üzvü Möhsün Rzayi bölgədəki hərbi əməliyyatların dayandırılması üçün rəsmi Tehranın qəti tələblərini açıqlayıb.
Postxronika.az xəbər verir ki, dövlət televiziyasına müsahibə verən Rzayi müharibənin yalnız üç mühüm şərt yerinə yetirildiyi təqdirdə sona çatacağını vurğulayıb.
Müşavir bildirib ki, döyüşlərin dayanması üçün ilk növbədə müharibə nəticəsində İrana dəymiş bütün maddi ziyan tam şəkildə ödənilməli, ölkəyə qarşı tətbiq edilən bütün iqtisadi sanksiyalar qeyd-şərtsiz aradan qaldırılmalı və ABŞ-nin İranın daxili işlərinə bir daha qarışmayacağına dair rəsmi zəmanət alınmalıdır. "Bu, xalqımızın, rəhbərliyin və silahlı qüvvələrimizin qərarıdır", – deyən Rzayi ABŞ-ni onilliklər boyu İranın inkişafına mane olmaqda və ölkəni parçalamağa çalışmaqda ittiham edib. O, həmçinin xarici güclərin neftlə zəngin olan Buşehr, Xuzistan və İlam əyalətlərini ələ keçirmək niyyətində olduğunu iddia edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Tehranla "çox yaxşı" danışıqlar aparıldığını bildirsə də, İran tərəfi Vaşinqtonla hər hansı birbaşa təmasın olduğunu təkzib edir.