YENİLƏNDİ - 09:02: Kolumbiyanın Putumayo departamentində “C-130 Hercules” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 66 nəfər həlak olub.
Postxronika.az xəbər verir ki, bu barədə “Caracol” radiostansiyası mənbələrə istinadla məlumat yayıb.
Xilasetmə xidmətləri dağıntılar altından cəsədlərin çıxarılmasını davam etdirir, ölənlərin dəqiq sayı isə hələ müəyyənləşdirilir.
Məlumata görə, təyyarədə 128 nəfər olub. Onlardan 57-si xəstəxanaya yerləşdirilib, biri xəsarət almayıb. Digər dörd nəfərin cəsədi hələ tapılmayıb. Təyyarə Puerto Leguizamodan Puerto Asis şəhərinə uçarkən havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Yerli media qəzanın baş verdiyi əraziyə çıxışın çətin olduğunu və bunun xilasetmə işlərini ləngitdiyini bildirir. Hadisənin səbəbləri hələ müəyyən edilməyib, texniki nasazlıq və hava şəraiti əsas ehtimallar kimi araşdırılır.
Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-130" hərbi nəqliyyat təyyarəsinin ölkənin cənubundakı meşəlik ərazidə qəzaya uğraması nəticəsində böyük faciə yaşanıb. Qəza nəticəsində azı 38 nəfər həlak olub, 83 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Postxronika.az xəbər verir ki, Puerto-Legisamo şəhərinin rəsmisi Karlos Klarosun "The Wall Street Journal"a verdiyi açıqlamaya görə, göyərtədə olan bəzi hərbçilər təyyarə yerlə toqquşmadan saniyələr əvvəl özlərini aşağı ataraq xilas olmağa çalışıblar. Ümumilikdə 125 nəfərin (114 sərnişin və 11 heyət üzvü) olduğu hava gəmisində xilasetmə işləri davam edir, 4 nəfərin taleyi hələ də naməlumdur.