PSJ-nin mərakeşli sağ cinah müdafiəçisi Əşrəf Hakimi karyerasını İspaniyada davam etdirmək istəyir. Jurnalist Ramon Alvarez de Monsun məlumatına əsasən, 27 yaşlı futbolçu uşaqlıqdan azarkeşi olduğu və 2015-2018-ci illərdə şərəfini qoruduğu doğma komandasına keçmək üçün hər cür fədakarlığa hazır olduğunu ailəsinə bildirib.
Postxronika.az xəbər verir ki, təcrübəli oyunçunun Madrid nəhənginə yollanmaq istəməsinin digər önəmli səbəbi ən yaxın dostu Kilian Mbappe ilə eyni heyətdə çıxış etmək arzusudur. Paris təmsilçisi hazırda ulduz idmançını satmağı planlaşdırmasa da, onun davamlı israrı rəhbərliyi bu gedişi nəzərdən keçirməyə vadar edə bilər. Qeyd edək ki, 2021-ci ildə İtaliyanın "İnter" klubundan 68 milyon avroya alınan və hazırkı bazar dəyəri 80 milyon avro qiymətləndirilən cinah oyunçusunun Fransa hegemonu ilə müqaviləsi 2029-cu ilədək qüvvədədir. O, cari mövsümdə meydana çıxdığı 24 matçda rəqib qapılarına üç yol tapıb və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.