"Real"ın və Almaniya yığmasının müdafiəçisi Antonio Rüdiger aqressiv oyun tərzinin çıxış etdiyi kollektivlər üçün problem yaratması barədə səsləndirilən iddialara münasibət bildirib.

Postxronika.az "Goal" nəşrinə istinadən xəbər verir ki, təcrübəli futbolçu komandaları üçün heç bir təhlükə mənbəyi olmadığını və meydanda atdığı addımların fərqində olduğunu vurğulayıb. O, həmçinin bu cür müzakirələrin bəzən öz məsuliyyətini daha yaxşı dərk etməsinə kömək etdiyini də diqqətə çatdırıb. Xatırladaq ki, İspaniya La Liqasının 26-cı turu çərçivəsində baş tutan "Xetafe" ilə qarşılaşmada (0:1) almaniyalı arxa xətt oyunçusu rəqib futbolçu Dieqo Rikonun üzünə dizlə zərbə endirmişdi. Həmin epizodda zərərçəkən idmançı xəsarət aldığı üçün görüş müvəqqəti dayandırılmışdı. Baş hakim Alexandro Munis Ruis tibbi heyəti meydana dəvət etsə də, heç bir qayda pozuntusu qeydə almamışdı.