Bakıda planlaşdırılan təmir işləri ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək. Sözügedən təmir işləri Abbasqulu ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, həmçinin Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrini əhatə edəcək.

Postxronika.az AAYDA-ya istinadən xəbər veririk ki, qeyd olunan ərazilərdə təmir işləri ilə əlaqədar olaraq hər iki istiqamətdə hərəkət 25 mart saat 08:00-dan 26 mart saat 22:00-dək məhdudlaşdırılacaq.

Sıxlığın yaşanmaması və mənzilbaşına vaxtında çatmaq üçün sürücülərdən qeyd olunan müddət ərzində öncədən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.