ABŞ və İsrail mediası Vaşinqtonun müharibəni dayandırmaq məqsədilə İrana 15 bənddən ibarət genişmiqyaslı plan təqdim etdiyini iddia edib.
Postxronika.az xəbər verir ki, ABŞ və İsrail mətbuatı Vaşinqtonun müharibəyə son qoymaq məqsədilə Tehrana 15 bənddən ibarət sülh planı təqdim etdiyini iddia edib. "Wall Street Journal" nəşrinin yaydığı məlumata görə, sənəddə İranın üç əsas nüvə obyektinin tamamilə sökülməsi və ölkə ərazisindəki bütün zənginləşdirmə fəaliyyətlərinin dayandırılması əsas şərt kimi irəli sürülür.
Layihə çərçivəsində rəsmi Tehrandan ballistik raket proqramını dondurmaq, regional qüvvələrə dəstəyi kəsmək və Hörmüz boğazını beynəlxalq gediş-gəliş üçün açmaq tələb olunur. Bunun müqabilində isə Ağ Ev İrana tətbiq edilən sanksiyaları ləğv etməyi və mülki nüvə proqramına yardım göstərməyi vəd edir. "New York Times" qəzeti qeyd edir ki, sözügedən təkliflər paketi qarşı tərəfə Pakistanın vasitəçiliyi, xüsusilə marşal Seyyid Asim Munir vasitəsilə çatdırılıb. Hazırda ABŞ müzakirələrin aparılması üçün bir aylıq atəşkəs elan olunmasında israrlıdır, lakin tərəflər hələlik məsələ ilə bağlı rəsmi bəyanat yaymayıblar.