İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin səhhətinin stabil olduğu və dövlət idarəçiliyinin normal fəaliyyətini davam etdirdiyi bildirilib.
Postxronika.az xəbər verir ki, bu məlumatı ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai xarici mediaya müsahibəsində təsdiqləyib. Diplomatın sözlərinə görə, İsrail və ABŞ-nin birgə hərbi müdaxiləsi zamanı yaralanan lider hazırda özünü yaxşı hiss edir. O, həmçinin silahlı qüvvələrin müdafiə planına uyğun hərəkət etdiyini və xalqın təcavüz aktları qarşısında birləşdiyini vurğulayıb.
Qeyd edək ki, martın 1-də sabiq lider Əli Xameneinin öldürülməsindən sonra Müctəba Xamenei ölkənin yeni rəhbəri seçilib. Hazırda davam edən hərbi gərginlik regionda hava məkanının bağlanmasına və Hörmüz boğazında gəmilərin hərəkətində ciddi çətinliklərə səbəb olub.