Martın 26-da ölkə ərazisində daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətkarlığa qarşı mübarizə və hüquq qaydasının təmin edilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Postxronika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, gün ərzində ölkə üzrə qeydə alınan 28, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Məlumata əsasən, müxtəlif cinayətlərə görə axtarışda olan ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bundan başqa, daxili işlər orqanları tərəfindən narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 15 fakt müəyyən edilib.