İran hakimiyyəti milli və klub səviyyəli təmsilçilərinin düşmən hesab edilən dövlətlərdə keçirilən beynəlxalq turnirlərə qatılmasını qadağan edib.
Postxronika.az xəbər verir ki, İdman və Gənclər Nazirliyinin "Tasnim" agentliyinə istinadən yaydığı məlumata əsasən, bu məhdudiyyət atletlərin təhlükəsizliyini tam təmin edə bilməyən məkanlara da şamil olunacaq. Qurum rəsmiləri arzuolunmaz ünvanların dəqiq siyahısını açıqlamasalar da, "Traktor" futbol komandasının Səudiyyə Ərəbistanındakı matçlara yollanmayacağını xüsusi vurğulayıblar. Qeyd edək ki, sözügedən qərar ABŞ və İsrailin fevralın 28-də İslam Respublikasına qarşı başlatdığı hərbi əməliyyatlar fonunda qəbul edilib. Ağ Ev bu müdaxiləni Tehranın raket və nüvə proqramı təhlükəsi ilə əsaslandırsa da, hücumlar nəticəsində qarşı tərəfin paytaxtı da daxil olmaqla bir çox iri şəhərləri zərbələrə məruz qalıb. Yaranmış gərginliyə cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu genişmiqyaslı qisas əməliyyatına başlayacağını bəyan edib.