Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Şimal Axını" qaz kəmərlərinin Ukrayna təxribatçıları tərəfindən Qərb xüsusi xidmət orqanlarının dəstəyi ilə sıradan çıxarıldığını iddia edib. O, Fransa və Almaniya kimi dövlətlərin öz iqtisadi maraqlarına zərbə vuran bu addımı pisləmədiyini, əksinə, baş vermiş hadisəni səssizliklə qəbul etdiklərini vurğulayıb.

Postxronika.az xəbər verir ki, rusiyalı baş diplomat "France Televisions" kanalına müsahibəsində ABŞ-nin hazırda bu strateji infrastrukturu ələ keçirmək niyyətində olduğunu da qeyd edib. Xatırladaq ki, 2022-ci il sentyabrın 26-da sözügedən enerji ötürücülərində misli görünməmiş təxribat törədilib və sistemin dörd qolundan yalnız biri salamat qalıb. Hazırda baş vermiş beynəlxalq səviyyəli bu insidentlə əlaqədar Rusiya Baş Prokurorluğu tərəfindən müvafiq istintaq tədbirləri aparılır.