Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ukraynalı idmançıların rusiyalıların da iştirak etdiyi beynəlxalq yarışlardan əvvəl məqsədli şəkildə rusofobiya (Rusiyaya qarşı nifrət) ruhunda hazırlandıqlarını iddia edib.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, Zaxarova bu fikirləri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində jurnalistlərə açıqlamasında səsləndirib.

XİN rəsmisi Ukrayna vətəndaşlarının hər gün ideoloji təsirə məruz qaldığını bildirib: "Ukrayna vətəndaşlarının hansı şəraitdə yaşadıqlarını anlayırsınızmı? Onların hər gün beyinləri yuyulur və hərfi mənada rusofobiya ruhunda tərbiyə olunurlar. Üstəlik, bu idmançılar yarışlardan sonra evlərinə, cəmiyyətdə hamının bir-birini təqib etdiyi mühitə qayıtmalıdırlar. Əgər bir ukraynalı atlet yarışda Rusiyaya qarşı kəskin nifrət nümayiş etdirməsə, ölkəsində elə özünü təqib hədəfinə çevirəcəklər".

Zaxarova beynəlxalq yarışlarda ukraynalı idmançıların Rusiya bayrağına, himninə qarşı qeyri-etik davranışlarını və rusiyalı idmançılarla əl sıxmaqdan imtina etmələrini tənqid edərək, bu vəziyyəti Ukrayna rəhbərliyinin yürütdüyü siyasətin nəticəsi adlandırıb.