Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən tədbirlər nəticəsində son günlərdə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilməyə cəhd göstərilən külli miqdarda narkotik vasitə aşkarlanıb.

Postxronika.az xəbər verir ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri zamanı ümumilikdə 41 kiloqram 168 qram narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Belə ki, DSX-nin “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 478 qram, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində isə 24 kiloqram 90 qram marixuana aşkarlanıb. Bundan başqa, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədini pozaraq narkotik vasitə keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Hadisə yerinə baxış zamanı 10 kiloqram 600 qram narkotik vasitə, o cümlədən 10 kiloqram 550 qram marixuana və 50 qram tiryək aşkar edilərək götürülüb. Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.