Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyun 2026-cı il tarixli 204 nömrəli Qərarı ilə “Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası” təsdiq edilib.
Postxronika.az xəbər verir ki, bu Qərar Prezident İlham Əliyevin ölkəmizdə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində verdiyi tapşırıqların icrası baxımından mühüm əhəmiyyət kəsb edən bir addımdır.
Sənədin əsas məqsədi mədəniyyət sahəsində layihələrin dövlət tərəfindən qrant əsasında maliyyələşdirilməsi mexanizmini təkmilləşdirmək, daha geniş iştirakçılıq imkanları yaratmaq və bu sahədə şəffaf, rəqabətli mühitin formalaşdırılmasını təmin etməkdir.
Bildirilir ki, mövcud hüquqi tənzimləmə çərçivəsində dövlət maliyyələşdirilməsi əsasən qeyri-hökumət təşkilatlarının (QHT) həyata keçirdiyi tədbirləri əhatə edirdi. Yeni qaydalar isə iştirakçı dairəsinin genişləndirilməsinə – fiziki şəxslərin və hüquqi şəxslərin digər növlərinin də bu imkanlardan yararlanmasına şərait yaradacaq. Bu addımla yaradıcı təşəbbüslərin daha çevik maliyyələşdirilməsinə nail olunacaq.
Qrant mexanizmi mədəniyyət xidmətlərinin keyfiyyətinin artırılmasına, mədəni və yaradıcı sənayelərin inkişafına yönəlmiş innovativ fəaliyyətlərin stimullaşdırılmasına xidmət edəcək. Həmçinin, bu sahədə tədqiqatların aparılması, infrastrukturun inkişafı və maarifləndirmə tədbirlərinin genişləndirilməsi hədəflənir. Layihələrin qiymətləndirilməsi zamanı şəffaflığın artırılması yaradıcı təşəbbüslərin dəstəklənməsi üçün əlavə stimul olacaq.
Qeyd edək ki, yeni qaydaların tətbiqi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasından irəli gələn vəzifələrin icrasına, ölkəmizdə mədəniyyət ekosisteminin tərəqqisinə və innovativ layihələrin reallaşmasına mühüm töhfə verəcək.