Bu gün Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu gün Vətənə sədaqət andına sadiq qalan, xalqın təhlükəsizliyini, dövlətimizin sabitliyini və qanunun aliliyini qorumağı həyat amalına çevirən Azərbaycan polisinin peşə bayramıdır.
Azərbaycan polisi fəaliyyət göstərdiyi bütün dövrlərdə dövlətçiliyimizin ən etibarlı sütunlarından biri olmuş, çətin və məsuliyyətli missiyasını böyük şərəf, ləyaqət və fədakarlıqla yerinə yetirmişdir. Gecəsini gündüzünə qataraq insanların rahatlığını, ölkəmizdə ictimai asayişi və təhlükəsizliyi təmin edən polis əməkdaşları cəmiyyətimizin inamını və hörmətini qazanmış, xalqın etibarlı dayağına çevrilmişdir. Bu müqəddəs peşə yalnız forma daşımaq deyil, vicdanla xidmət etmək, Vətənə sədaqətlə bağlı olmaq və xalqın mənafeyini hər şeydən üstün tutmaq deməkdir.
Azərbaycan polisinin müasir inkişaf mərhələsinin əsasını xalqımızın Ümummilli Lideri Heydər Əliyev qoymuşdur. Dahi şəxsiyyət hüquq-mühafizə orqanlarının dövlətin möhkəm dayaqlarından biri olduğunu dəfələrlə vurğulayaraq polis sisteminin müasirləşdirilməsi, peşəkarlığın artırılması, qanunun aliliyinin təmin olunması və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm qərarlar qəbul etmişdir. Onun müdrik rəhbərliyi nəticəsində Azərbaycan polisi xalqın etimadını qazanan, dövlətçiliyin keşiyində qətiyyətlə dayanan peşəkar quruma çevrilmişdir.
Bu gün həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanlarında geniş islahatlar həyata keçirilmiş, polis əməkdaşlarının xidmət şəraiti və sosial təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, maddi-texniki baza ən müasir standartlara uyğun yenilənmişdir. Dövlət başçısının polisə göstərdiyi yüksək diqqət və qayğı bu şərəfli peşənin nüfuzunu daha da artırmış, əməkdaşların öz xidməti borclarını daha məsuliyyətlə yerinə yetirməsinə mühüm stimul olmuşdur.
Azərbaycan polisi təkcə ictimai asayişin qorunmasında deyil, dövlətimizin müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində də böyük qəhrəmanlıq nümunələri göstərmişdir. Xüsusilə Vətən müharibəsində və sonrakı dövrdə polis əməkdaşları digər güc strukturları ilə çiyin-çiyinə dayanaraq xalqımızın şanlı Zəfər salnaməsinə öz layiqli töhfələrini vermiş, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız əbədi qürur mənbəyimizə çevrilmişlər. Onların müqəddəs xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Bu əlamətdar gün mənim üçün həm də xüsusi mənəvi dəyər daşıyır. Çünki atamda uzun illər Azərbaycan polis orqanlarında şərəf və ləyaqətlə xidmət etmiş, dövlətə və xalqa sədaqəti ilə ailəmiz üçün hər zaman örnək olmuşdur. Onun xidmət yolu mənə məsuliyyət, dürüstlük, Vətən sevgisi və dövlətçiliyə bağlılığın nə qədər ali dəyər olduğunu öyrədib. Bu gün atamın şərəfli xidmətini böyük qürur hissi ilə xatırlayır, onun timsalında ömrünü polis peşəsinə həsr etmiş bütün əməkdaşlara dərin ehtiramımı bildirirəm.
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə bütün polis əməkdaşlarını, daxili işlər orqanlarının veteranlarını, bu müqəddəs peşəyə ömrünü həsr etmiş hər bir insanı ürəkdən təbrik edirəm. Xidməti borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış qəhrəman polis əməkdaşlarımızın əziz xatirəsini sonsuz ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı, xidmətdə olan bütün polis əməkdaşlarına isə sağlamlıq, ailə səadəti, məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulayıram.
Qoy üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın, Azərbaycan polisi isə hər zaman dövlətimizin qüdrətinin, xalqımızın əmin-amanlığının və qanunun keşiyində qürurla dayansın!
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə bütün polis əməkdaşlarını bir daha ürəkdən təbrik edirəm. Azərbaycan Polisi Gününüz mübarək! Yaşasın müstəqil Azərbaycan!
Elmir Heydərli