Azərbaycanda səfərdə olan Xorvatiya Respublikası Müdafiə Nazirliyinin Müdafiə Akademiyasının dekanı polkovnik Goran Huljev, "Katarina Zrinska" adına Xarici Dillər Mərkəzinin direktoru İrina Prifi Duriç və nümayəndə heyətinin digər üzvləri Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunu və Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər.
Postxronika.az Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, keçirilən görüşlərdə Azərbaycan ilə Xorvatiya arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, hərbi kadrların hazırlanması, qarşılıqlı təcrübə mübadiləsi və gələcək birgə fəaliyyət istiqamətləri ətraflı müzakirə olunub.
Səfər çərçivəsində xorvatiyalı qonaqlara hər iki təhsil müəssisəsinin tarixi, tədris prosesi və maddi-texniki bazası barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti institutların müasir tədris infrastrukturu ilə yaxından tanış olub.
Görüşlərin davamında hər iki ölkənin nümayəndələri hərbi təhsil sistemi, təhsil müəssisələrinin fəaliyyəti və bu sahədə tətbiq olunan müasir yanaşmalar barədə qarşılıqlı brifinqlərlə çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.