Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) N hərbi hissəsində keçirilən növbəti təlim toplanışı uğurla yekunlaşıb.

Postxronika.az Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, səfərbərlik tədbirlərinin yerinə yetirilməsi ardıcıllığına uyğun olaraq, qəbul məntəqəsində qeydiyyatdan və həkim müayinəsindən keçən hərbi vəzifəlilərin işgüzar və mənəvi-psixoloji keyfiyyətləri öyrənilib. Onlar hərbi uçot ixtisasları üzrə bölüşdürülərək bütün növ təminatlarla təmin olunublar.

​Toplanış müddətində şəxsi heyətlə maarifləndirici söhbətlər aparılıb, hərbi nizamnamələrin, müvafiq qanunvericiliyin tələbləri və təhlükəsizlik qaydaları çatdırılıb. Günün nizam qaydalarına uyğun olaraq keçirilən məşğələlərdə müasir döyüşün xüsusiyyətlərinə uyğun ümumqoşun və ixtisas hazırlığı tapşırıqları icra edilib, atıcı silahlardan və əl qumbaraatanlarından praktiki atış çalışmaları yerinə yetirilib.

​Təlimin yekununda toplanış müddətində fərqlənən bir qrup hərbi vəzifəli xüsusi olaraq həvəsləndirilib.