Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatları tarixində 30 oyuna çıxan ilk futbolçu olmaqla yeni rekord müəyyənləşdirib.

Postxronika.az xəbər verir ki, 39 yaşlı hücumçu bu göstəriciyə dünya çempionatının 1/16 final mərhələsində Kabo-Verde yığmasına qarşı keçirilən oyuna start heyətində çıxmaqla nail olub. Dünya çempionatlarında ən çox oyun keçirən futbolçuların siyahısında ikinci yerdə 26 matçla Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo qərarlaşıb.

​Məlumat üçün bildirək ki, L.Messi 2023-cü ildən ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir. O, daha əvvəl "Barselona" və PSJ-nin formasını geyinib. Karyerası ərzində 4 dəfə UEFA Çempionlar Liqasının, 3 dəfə UEFA Superkubokunun və 3 dəfə FIFA Klublararası Dünya Kubokunun qalibi olan hücumçu, həmçinin 2022-ci ildə dünya çempionu, 2014-cü ildə DÇ-nin gümüş mükafatçısı, 2008-ci ildə Olimpiya çempionu, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunun baş mükafatına sahib çıxıb. Təcrübəli oyunçu rekord sayda – 8 dəfə "Qızıl top" mükafatına layiq görülüb.

​Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026-nın final qarşılaşması iyulun 19-da keçiriləcək.