Müasir dünyada ailə təməllərini qorumaq, sağlam vərdişləri gələcək nəsillərə ötürmək və rəqəmsal dövrün gətirdiyi asılılıqlardan qorunmaq hər bir ailə üçün prioritet məsələyə çevrilib.
Postxronika.az Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Cəfərlinin müsahibəsinə istinadən xəbər verir ki, ailədə formalaşan dəyərlər və həyat tərzi insan sağlamlığına birbaşa təsir göstərir. Nazirlik rəsmisi müasir dövrdə sağlam ailə mühiti qurmaq istəyənlər üçün bir sıra fundamental prinsipləri və praktiki tövsiyələri bölüşüb.
L.Cəfərlinin sözlərinə görə, uşaqlarda sağlamlıq məsuliyyətinin formalaşmasında ən effektiv üsul valideynlərin şəxsi nümunəsidir. Uşaqlar valideynlərinin dediklərindən çox, etdiklərini təkrarlayırlar. Əgər evdə zərərli, həddindən artıq yağlı, duzlu və şəkərli qidalardan istifadə edilmirsə, uşaqlar gələcəkdə öz qurduqları ailədə də bu modeli tətbiq edəcəklər.
İnformasiya texnologiyalarının canlı ünsiyyəti azaldığını və ekran qarşısında uzun müddət vaxt keçirilməsinin risklər yaratdığını vurğulayan şöbə müdiri, ailəvi süfrə ənənəsinin bərpasının vacibliyini qeyd edib. Birgə yemək seansları təkcə rasional qidalanmanı təmin etmir, həm də ailədaxili kommunikasiya bağlarını gücləndirir, stress səviyyəsini aşağı salır.
Sağlamlığın təkcə qida və idmanla məhdudlaşmadığını deyən mütəxəssis, fiziki mühitin də sinir sisteminə birbaşa təsir etdiyini bildirib. Evin havasının mütəmadi dəyişdirilməsi, zərərli kimyəvi təmizləyicilərdən minimum istifadə və bitkilərin saxlanılması tənəffüs yolları xəxstəliklərinin qarşısını alır. Bununla yanaşı, sabit yuxu rejimi, ailəvi axşam gəzintiləri və həftəsonu təbiət qoynunda keçirilən aktiv oyunlar ailədaxili münasibətlərin möhkəmlənməsinə kömək edir.
Səhiyyə sisteminin ana və uşaq sağlamlığının qorunması istiqamətində preventiv (profilaktik) addımlar atdığını bildirən L.Cəfərli, peyvəndləmə və mütəmadi tibbi yoxlamaların önəmini xatırladıb. O, həmçinin gənc nəslin və valideynlərin maarifləndirilməsi məqsədilə İSİM tərəfindən istifadəyə verilən "Sağlam uşaq" portalı və mobil tətbiqini diqqətə çatdırıb. Qeyd olunub ki, üç bölmədən ibarət olan bu platformada istifadəçilərə 700-ə yaxın məqalə, 500-dən çox maarifləndirici nəşr, video və infoqrafik materiallar təqdim olunur.