Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə milli musiqi alətlərinin standartlaşdırılması istiqamətində mühüm mərhələ başa çatıb. AZSTAND-44 Texniki Komitəsi tərəfindən hazırlanmış kamança ailəsinin dörd ölçüsü üzrə milli standartlar rəsmi qaydada təsdiqlənib.
Postxronika.az xəbər verir ki, təsdiq olunan standartlar Azərbaycanda ilk dəfə olaraq kamança alətinin ölçülərini, konstruktiv xüsusiyyətlərini və istehsal parametrlərini vahid texniki normalar əsasında müəyyən edir. Bu, ölkəmizdə milli musiqi alətləri üzrə ilk sistemli standartlaşdırma layihəsi olmaqla, qeyri-maddi mədəni irsin qorunması, elmi əsaslarla inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm nailiyyət hesab olunur.
Milli musiqi alətlərinin vahid standartlarının hazırlanması məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Standartlaşdırma İnstitutunun birgə təşəbbüsü ilə 2023-cü ildə AZSTAND-44 Texniki Komitəsi yaradılıb. Komitənin fəaliyyətini tənzimləyən ikiillik Tədbirlər Planı 2024-cü ildə təsdiq olunub və plana uyğun olaraq milli standartların hazırlanması prosesi ardıcıl şəkildə davam etdirilir.
Kamança ailəsinin dörd ölçüsü üzrə hazırlanmış standart layihələri cari ilin əvvəlində Texniki Komitənin üzvlərinə təqdim olunub, mütəxəssis rəyləri toplanaraq ümumiləşdirilib. 2026-cı il 26 may və 25 iyun tarixlərində Azərbaycan Milli Konservatoriyasında keçirilən ekspertiza iclaslarında hazırlanmış kamança nümunələrinin layihə standartlarına tam uyğun olduğu təsdiq edilib. İyunun 29-da isə komitənin növbəti iclasında standart layihələri rəsmi səsvermə yolu ilə qəbul olunub və bununla da ilk hüquqi-normativ baza formalaşdırılıb.
Standart layihələri Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Alətləri Laboratoriyasının mütəxəssisləri tərəfindən hazırlanıb. Elmi-tədqiqat prosesi çərçivəsində 150-dən artıq kamança nümunəsi üzrə ölçmələr aparılıb, konstruktiv göstəricilər və proporsiyalar müəyyənləşdirilib, statistik təhlillər əsasında vahid standart parametrlər formalaşdırılıb.
Qeyd edək ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş kamança Azərbaycan musiqi mədəniyyətinin ən qədim və dəyərli simvollarından biridir. Milli standartların qəbul edilməsi kamança istehsalında vahid keyfiyyət meyarlarının formalaşdırılmasına, ustaların fəaliyyətinin dəstəklənməsinə, peşəkar ifaçılıq mühitinin inkişafına və musiqi təhsilində vahid yanaşmanın tətbiqinə xidmət edəcək. Texniki Komitənin fəaliyyəti çərçivəsində gələcək mərhələdə digər milli xalq çalğı alətləri üzrə də standartların hazırlanması nəzərdə tutulur.