​6–20 iyul 2026-cı il tarixlərində Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsi keçiriləcək.

Postxronika.az xəbər verir ki, qəbul imtahanında iştirak edərək mümkün 100 baldan 50 və daha yuxarı bal toplamış namizədlər “My Culture” vahid şəxsi kabinet sistemi üzərindən ixtisas və məktəb seçimi edə bilərlər. Hər bir namizədə 3 ixtisas, hər ixtisas üzrə isə 2 məktəb seçmək imkanı verilir. Xarici ölkə vətəndaşları isə müvafiq regional mədəniyyət idarəsinə yaxınlaşaraq seçimlərini edə biləcəklər.

​Ödənişsiz təhsil üzrə qəbul prosesi aşağıdakı yaş hədləri çərçivəsində həyata keçirilir:

Musiqi alətləri ixtisasları üzrə: Fortepiano və simli alətlər (7 illik təhsil) üçün 6–8 yaş; fortepiano, simli, nəfəs, zərb və xalq çalğı alətləri (5 illik təhsil) üçün 9–12 yaş.

Vokal, estrada oxuma, xanəndəlik və xor ixtisasları üzrə: Vokal, estrada oxuma və xanəndəlik (5 illik təhsil) üçün 7–11 yaş; xor ixtisası (7 illik təhsil) üçün 7–10 yaş.

Təsviri sənət ixtisasları üzrə: Rəssamlıq və heykəltəraşlıq (4 illik təhsil) üçün 8–12 yaş.

Xoreoqrafiya ixtisası üzrə: 5 illik təhsil üçün 6–10 yaş.

​Ödənişli əsaslarla təhsil üçün minimum yaş hədləri saxlanılmaqla maksimum yaş həddi 40 olaraq müəyyən edilib.

​Qəbul prosesi müsabiqə prinsipi əsasında aparılır və namizədlər topladıqları bala uyğun olaraq reytinq sırası ilə plan yerlərinə yerləşdirilirlər. Seçimin nəticələri elan olunduqdan sonra namizədlər (18 yaşına çatmayanların isə valideyni və ya qanuni nümayəndəsi) sağlamlıq haqqında tibbi arayışı (xarici vətəndaşlar üçün isə əlavə olaraq AR ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini) sistemə yükləyərək təhsil alacağını təsdiqləməlidir.