Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib.

Postxronika.az xəbər verir ki, Rüfət Hacıəlibəyov 2022-ci ilin iyul ayından etibarən səhiyyə nazirinin səhiyyənin rəqəmsallaşdırılması məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. O, bu müddət ərzində ölkənin elektron səhiyyə üzrə milli strategiyasının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib, həmçinin səhiyyə sisteminin rəqəmsal transformasiyası prosesinin əlaqələndirilməsini təmin edib. Nazir müavini kimi onun fəaliyyət istiqamətlərinə innovasiyaların tətbiqi, strateji idarəetmə, səhiyyənin rəqəmsallaşdırılması və tibbi statistika sahələri daxil edilib.

​Rüfət Hacıəlibəyov rəqəmsal transformasiya sahəsində 30 illik peşəkar təcrübəyə malik mütəxəssisdir. O, uzunmüddətli fəaliyyəti ərzində Azərbaycanda HP, Microsoft və SAP kimi aparıcı qlobal informasiya texnologiyaları şirkətlərinin yerli nümayəndəliklərinə rəhbərlik edib. Dövlət və korporativ səviyyədə İT strategiyalarının qurulmasında zəngin təcrübəsi olan yeni nazir müavini, həmçinin KOBİA yanında innovativ startapların inkişafı üzrə Ekspert Komissiyasının üzvü kimi fəaliyyət göstərib və 2017-ci ildən Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasının üzvüdür.

​Azərbaycan Respublikasında informasiya texnologiyalarının inkişafına verdiyi töhfələrə görə Rüfət Hacıəlibəyov Prezidentin 2021-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.