Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin 2025-2026-cı tədris ilində yüksək nəticə göstərərək təhsildə və hərbi intizamda fərqlənən kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub.

Postxronika.az xəbər verir ki, ekskursiya zamanı hərbi hissələrdə qarşılanma mərasimi keçirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının əziz xatirəsinə ucaldılmış abidə kompleksləri ziyarət edilib.

Səfər çərçivəsində kursantlar Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən genişmiqyaslı yenidənqurma və abadlıq işləri, müasir infrastruktur layihələri, tarixi və dini-mədəni irs nümunələrinin bərpası prosesi ilə yaxından tanış olublar. Onlara işğal dövründə törədilmiş dağıntılar və onların nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Həmçinin, Dövlət Sərhəd Xidmətinin arsenalında olan silahlar və döyüş texnikaları ilə tanış olan kursantlara birləşmə və hərbi hissələrin xidməti-döyüş fəaliyyəti barədə məlumat verilib, nümunəvi atışlar və şərti düşmən postunun məhvi üzrə səhnələr nümayiş etdirilib.

Səfərin sonunda şəxsi heyətlə xatirə fotoşəkilləri çəkdirilib.