Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Su Təchizatı” QSC abonentləri maraqlandıran sualları cavablandırıb.
Postxronika.az xəbər verir ki, qurum vətəndaşların ən çox müraciət etdiyi mövzuları əhatə edən “5 sual, 5 cavab” rubrikası çərçivəsində sayğac göstəricilərinin oxunması, xidmətin dayandırılması, sistemə qoşulma və borclarla bağlı məsələlərə aydınlıq gətirib:
Mexaniki sayğacın faktiki göstəricisi oxunmadıqda sərf edilmiş suyun həcmi necə müəyyənləşdirilir?
İstehlakçı qurum nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi vətəndaşın əvvəlki 12 aylıq orta istehlak normasına əsasən hesablanır. Sonradan faktiki göstəriciyə uyğun düzəliş aparılır və artıq ödənilmiş məbləğ növbəti hesabatlarda nəzərə alınır. Həmçinin, vətəndaşlar "my.gov.az" portalı vasitəsilə sayğac göstəricilərini təqdim edib elektron bildiriş-faktura əldə edə bilərlər.
Xidmətin müvəqqəti dayandırılması və ya bərpası üçün hara müraciət edilməlidir?
Suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğvi üçün istehlakçılar "my.gov.az" portalına, sukanal idarələrinə, "ASAN Xidmət", "ASAN Kommunal" mərkəzlərinə və Kiçik və Orta Biznes (KOB) evlərinə müraciət etməlidirlər. Bu barədə qərar 5 iş günü müddətində qəbul olunur.
Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulmaq necə həyata keçirilir?
Sistemə qoşulmaq istəyən abonentlər "ASAN Xidmət", "ASAN Kommunal" mərkəzlərinə və ya KOB evlərinə müraciət etməlidirlər. Texniki şərtin verilməsi ilə bağlı müraciətə 30 təqvim günü ərzində cavab verilir.
Su borcu barədə araşdırmanı necə aparmaq olar?
Abonentlər "my.gov.az" elektron hökumət portalında yerləşən “Borcun araşdırılması üzrə müraciət” xidmətindən istifadə etməklə hesablarında yaranmış borcun dəqiqləşdirilməsini tələb edə bilərlər.
Mexaniki sayğac işləmədikdə su sərfiyyatı hansı qaydada hesablanır?
Sayğac nasaz olduqda, yeni cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi bundan əvvəlki 12 ayın orta aylıq sərfi əsasında təyin edilir. Nasaz sayğacın dəyişdirilməsi üçün yenə də "my.gov.az" portalı üzərindən elektron müraciət etmək mümkündür.