Qubada fəaliyyət göstərən Şahdağ Güləş Klubunun yunan-Roma güləşi üzrə məşqlərinin keçirildiyi idman zalı əsaslı təmir olunaraq yenidən idmançıların ixtiyarına verilib.
Postxronika.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası tərəfindən kluba müasir güləş xalçası hədiyyə edilib və bununla əlaqədar yenilənmiş zala baxış keçirilib. Tədbirdə federasiyanın vitse-prezidentləri, olimpiya çempionları Namiq Abdullayev və Fərid Mansurov, baş katib Pərvin Piriyev, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin İsrafilov, sektor müdiri Anar Məmmədov, eləcə də Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova iştirak ediblər.
Şahdağ Güləş Klubunun yunan-Roma güləşi üzrə məşqçisi Musa Mirzəyev qonaqları zalda yaradılan şəraitlə tanış edərək idmançıların hazırlıq prosesi və klubun fəaliyyəti barədə ətraflı məlumat verib. Görüş zamanı Qubada güləş ənənələrinin daha da inkişaf etdirilməsi, həmçinin sərbəst və qadın güləşi bölmələrinin də fəaliyyətə başlaması istiqamətində görüləcək işlər müzakirə olunub.
Yenilənmiş zalın gənc idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsinə, bölgədə güləşin kütləviliyinin artırılmasına və yeni çempionların yetişdirilməsinə mühüm töhfə verəcəyi vurğulanıb.